Həzrət Məhdinin (ə.c.) köməkçiləri

Şübhəsiz ki, Həzrət Məhdinin (ə.c.) inqilabının güclü arxaya, köməyə ehtiyacı vardır. Bu məsələnin əhəmiyyəti bütün peyğəmbərlər və Allah övliyalarının qələbələrində müşahidə olunur. Məsələn, İslam Peyğəmbəri (s) Məkkə şəhərində dost və həmkarların olmaması üzündən o cür narahatedici əziyyətlərə düçar oldu. Nəhayət, gizlicə gecə vaxtı Mədinəyə hicrət etdikdən sonra, orada özünə möhkəm dayaq qurdu. Beləliklə də «Bədr» döyüşündə İslam düşmənlərinə qələbə çaldı və nəhayət, Məkkə şəhərini fəth edib, bütün Ərəbistan yarımadasını İslam bayrağının altında cəmləşdirdi. Məkkə şəhərində İslam Peyğəmbərinin dostu, həmkarı və doğmaca əmisi Əbu Talibin Peyğəmbərin düşmən xətasından mühafizə olunmasında böyük rolu olmuşdur. Lakin onun vəfatından sonra müşriklərin Peyğəmbərə qarşı olan cür᾽əti daha da çoxaldı. Bu halda, Allah tərəfindən onun elçisi Həzrət Cəbrayıl Peyğəmbərə nazil olub, buyurdu:

«Məkkə şəhərini tərk et, sənin dayağın vəfat etdi.»

Peyğəmbər (s) buyurmuşdur:

«Qüreyş tayfası Əbu Talib vəfat edən vaxta qədər narahat idi. İndi isə onların mənə qarşı olan cür᾽ətləri daha da çoxalmışdır.»

Başqa bir tərəfdən də, Peyğəmbər (s) məskunlaşmaq üçün Mədinə şəhərini seçmişdi. Çünki əvvəlcədən bu şəhərdən bir qrup Peyğəmbərlə (s) bey᾽ət etmək üçün O Həzrətin (s) hüzuruna gəlmiş və onu Mədinə şəhərinə də᾽vət etmişdilər. Mədinə şəhərində Peyğəmbəri (s) qarşılamaq üçün hazırlıq gördülər. İslam Peyğəmbəri (s) Mədinə əhalisi tərəfindən təntənəylə qarşılanaraq şəhərə daxil oldu...

Buna görə də dost, həmkar və onların hazırlığı qələbədə əsas rol oynayır. Həzrət Məhdinin (ə.c.) inqilabı üçün də, gərək kişi və qadınlardan sabitqədəm dost, həmkarlar olsun. Bu cəhətdən, həzrət Məhdiyə (ə.c.) aid olan rəvayətlərin bir hissəsində o Həzrətin köməkçiləri və onların xüsusiyyətləri barədə maraqlı mətləblər mövcuddur. Orada aşkar qeyd olunmuşdur ki, qeyd edilən xüsusiyyətlərə malik köməkçilərin olması ilə o Həzrət zühur edəcək və nəhayət qələbə çalacaq. İnsanlar o həzrətin intizarını çəkdiyi kimi, Həzrət də onların və öz köməkçilərinin intizarındadır. Deməliyik ki, o Həzrətin intizarı daha şiddətlidir.

İndi isə bu mətləbin aydın olması üçün onlarla, yüzlərlə rəvayətin içərisindən diqqətinizi Həzrət Məhdinin (ə.c.) səhabələrinin xüsusiyyətlərini bəyan edən bir neçə rəvayətə cəlb edirik:

«Maidə» surəsinin 54-cü ayəsində oxuyuruq:

«Ey iman gətirən şəxslər! Sizdən hər kəs İslam dinindən üz çevirsə, Allah elə bir cəmiyyət yaradacaq ki, Allah onları sevir, onlar da Allahı sevirlər; mö᾽minlərin qarşısında təvazökar və mehriban, müşriklərin qarşısında qüvvətli və möhkəmdirlər; Allah yolunda ardıcıl olaraq cihad edər və çalışarlar; öz dini vəzifəsini icra etdikdə, heç bir məlamət edənin məlamətindən çəkinməzlər.»

Bə᾽zi rəvayətlərdə nəql olunmuşdur ki, Həzrət Məhdinin (ə.c.) dostlarının xüsusiyyətləri bu ayədə bəyan olunmuşdur. Onlar bu sifətlərlə mürtəd, dindən çıxmış şəxslərin qarşısında dayanar və Həzrət Məhdinin (ə.c.) ədalətli cahanşümul hökumətinin qurulması uğrunda mübarizə edərlər.

İmam Sadiq (ə) buyurmuşdur:

«Bu işin sahibi (zahir olacaq şəxs-red.) bu ayənin sayəsində (bu ayədə onların xüsusiyyətləri bəyan edilən dostların cəmləşməsi ilə) mühafizə olunar.»

İmam Səccad (ə) buyurmuşdur:

«Bizim Qaimimiz qiyam edən zaman Allah-taala bizim yolumuzda olan bütün şəxsləri bəlalardan qoruyar, onların qəlblərini dəmir parçası kimi möhkəm edər və onların hər birinə qırx kişinin gücü verilər. Onlar yer üzünün hakimləri olacaqlar.»

İmam Məhəmməd Baqir (ə) buyurmuşdur:

«Həzrət Məhdi (ə.c.) zühur edən zaman, bizim tərəfdarlarımızın hər birinin qüdrəti aslandan güclü, nizədən iti olacaq. Onlar düşmənlərimizi ayaq altına alacaq və öz əlləri ilə onları məhv edəcəklər.»

İmam Sadiq (ə) Həzrət Məhdinin (ə.c.) dostları haqqında söylədiyi ibarədə belə buyurmuşdur:

«Əgər onların qarşısına dəmir dağlar çıxsa belə, onu parça-parça edər, öz qılınclarını Allahın izni olmadan yerə qoymazlar.»

313 nəfər səhabə

Həzrət Mehdi (əc.) barəsində olan rəvayətlər içərisində o Həzrətin zühuru zamanında 313 nəfər səhabənin Kə`bə evinin kənarında İmamın hüzuruna gəlməsi barədə müxətlif tə᾽birli rəvayətlər nəql olunmuşdur. İmam Mehdi (ə.c.) onların intizarı ilə yaşayır. Onlar, əsrin imamı ilə bey᾽ət edən ilk insanlardır. Həmin məqamda həzrət Mehdinin (ə.c.) qiyamı başlanacaq və mərhələ-mərhələ inkişaf edəcək. Onlar həzrət Mehdinin (əc.) bayraqdarı və yer üzündə o həzrət tərəfindən tə᾽yin olunmuş hakimlər olacaqlar.

Bu yerdə mətləbin daha maraqlı olması üçün bir İslam tədqiqatçısının apardığı dialoqdan istifadə edək.

Tədqiqatçı:

–Həzrət Mehdinin (ə.c.) 313 nəfər əshabı haqqında olan hədisi nəql etməyinizi xahiş edərdim.

–Əvvəla deyim ki, bu barədə olan hədislər müxtəlif ibarələrlə nəql olunmuşdur. Rəvayətlərə baxsaq görərik ki, 313 nəfər haqqında onlarla hədis nəql edilmişdir. Bu, onlar barədə danışılanların haqq olmasına bir dəlildir. Keçək nümunə ayələrə:

«Hud» surəsinin səkkizinci ayəsində belə buyurulur:

«Həzrət Hud (ə) öz cahil tayfasına belə buyurdu: «Ey kaş, sizə qarşı möhkəm dayağım və qüdrətim olaydı. Onda siz yol azmışlarla necə rəftar edəcəyimi özüm bilərdim.»

İmam Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur:

«Bu ayədəki «qüvvət» kələməsindən məqsəd, həzrət Mehdi (ə.c.), «rükni-şədid» kələməsindən məqsəd isə, o Həzrətin 313 nəfər əshabıdır.»

Başqa bir rəvayətdə İmam Baqir (ə) belə buyurmuşdur:

«O 313 nəfər səhabəyə baxıram. Elə bil onlar Kufə şəhərinin uca zirvələrinə qalxırlar. Onların qəlbləri sanki dəmir parçasıdır.»

–313 nəfərin sayı hələ düzəlməyibdir ki, İmam zühur etsin?

–Onlar rəvayətlərə əsasən, bir sıra xüsusiyyətlərə malikdir. Əgər biz bu xüsusiyyətlərə diqqət etsək aydın olar ki, analar hələ belə oğullar doğmayıbdır.

–Məgər onlar hansı xüsusiyyətlərə malikdirlər?

–Məsələn, imam Səccad (ə) buyurur:

«İmam Mehdi (ə.c.) Məkkə şəhərində ətrafına cəmləşmiş böyük bir cəmiyyət qarşısında özünü təqdim edərkən və xalqı ona birləşməyə də᾽vət edərkən, bir qrup Həzrəti qətlə yetirmək üçün irəli çıxacaq. Həmin 313 nəfər ayağa qalxaraq, həzrət Mehdini (ə.c.) onların təhlükəsindən qoruyacaq və onların qarşısını alacaq.»

Bir çox rəvayətlərdə onların tə᾽rifi haqqında belə qeyd olunmuşdur: «Allah-taala onları, payız buludlarının parçaları kimi, Məkkə şəhərində bir yerə toplayacaq (yə᾽ni, onlar yüksək sür᾽ətlə özlərini Məkkə şəhərinə yetirəcəklər). Sanki, Həzrət Mehdini (ə.c.) Kufə minbərinin üzərində 313 nəfər dostları ətrafında toplaşmış halda görürəm. Onlar Allah tərəfindən insanlara hakimdirlər.»

Bu hədisə əsasən, bu 313 nəfər kamil şücaət və elmi cəhətdən elə bir səviyyədə malik olmalıdırlar ki, əgər yer kürəsini 313 hissə və əyalətə bölsələr, onların hər biri bir əyalətə rəhbərlik etməyə layiq olsunlar.

Tədqiqatçı:

-Həqiqətən də yer üzündə hələ bu cür xüsusiyyətlərə malik olan 313 nəfər şəxs yoxdur. Gərək, müxtəlif sahələrdə dərin və geniş şərait əmələ gəlsin ki, dünya Həzrət Mehdinin (ə.c.) zühuruna hazır olsun. Peyğəmbərlərin öz müqəddəs hədəflərini inkişaf etdirməkdə şücaətli və agah dostlara ehtiyacları olduğu kimi, Həzrət Mehdinin (ə.c.) də bu cür dostlara ehtiyacı vardır. İstərdim ki, 313 nəfərin xüsusiyyətləri haqqında daha geniş bəhs edəsiniz.

–«Bəqərə» surəsinin 148-ci ayəsində oxuyuruq:

«Harada olsanız, Allah-taala sizi bir yerə toplayacaq.»

İmam Sadiq (ə) bu ayəni oxuduqdan sonra buyurdu:

«Bu ayədə Həzrət Mehdinin (ə.c.) 313 nəfər səhabəsi nəzərdə tutulmuşdur. And olsun Allaha, (surədə buyurulan) «Ümməti-mə᾽dudə»dən məqsəd hamısı bir saat ərzində bir yerə toplaşacaq insanlardır. Onlar, payızın bulud parçaları güclü külək nəticəsində bir yerə toplaşdığı kimi, bir yerə toplaşacaqlar.»

Onların xüsusiyyətlərindən bir neçəsini sadalayaq:

–Onlar uzaq ölkə və şəhərlərdən Məkkə şəhərinə daxil olacaq. Həzrət Mehdi (ə.c.) Məkkə şəhərindən beş-altı kilometr kənarda dayanıb, 313 nəfərin gəlişini gözləyəcək ki, onlarla birlikdə Kə`bə evinin ətrafına gəlsin. 313 nəfər Həzrət Mehdi (ə.c.) ilə bey᾽ət edən ilk insanlardır.

–Onlar həzrət Mehdinin (ə.c.) məhzərində yüksək qeybi köməklərdən bəhrələnəcək və Allahın qüdrəti, imamın inayəti onların başı üzərində olacaq. Necə ki, İmam Səccad (ə) buyurmuşdur:

«Sanki həzrət Mehdini (ə.c.) Kufədə 313 nəfərlə birlikdə Nəcəf şəhərinə sarı gedən görürəm. Həzrətin sağ tərəfində Cəbrayıl, sol tərəfində Mikayıl, önündə isə İsrafil gedir. İsrafil Allahın Rəsulunun bayrağını hər hansı bir müxalif dəstəyə tərəf yönəldirsə, Allahın izni ilə onlar həlak olurlar.»

Zühur və qadınlar

Nə üçün, Həzrət Məhdinin (ə.c.) səhabələri haqqında danışarkən yalnız kişilərdən söhbət açılır, məgər qadınlar bu səadətdən məhrumdur?

Cavab: –Həzrət Məhdinin (ə.c.) qiyamında kişilər haqqında daha çox bəhs edilməsinin səbəbi budur ki, zühur haqqqında danışılarkən ən çox döyüş və mübarizə məsələləri açıqlanır ki, bu da demək olar ki, yalnız kişilərə aid olan işdir. Qadınlar isə arxa cəbhədə və müxtəlif sahələrdə Həzrətə (ə.c.) dayaq olacaqlar.

Onu da deyək ki, bə`zi rəvayətlərdə, həzrət Məhdinin (ə.c.) 313 nəfər səhabəsi haqqında söz açılarkən orada qadınların iştirakı haqqında da kəlamlar qeyd olunmuşdur. O cümlədən, İmam Baqir (ə) buyurmuşdur:

«And olsun Allaha! 313 nəfər kişi Məkkə şəhərində bir yerə toplaşacaq. Onların arasında əlli nəfər qadın vardır. Onlar payız buludları kimi, bir yer toplaşacaqlar.»

Müfəzzəl nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur:

«On üç nəfər qadın daim həzrət Məhdi (ə.c.) ilə birlikdədir.»

Sonra, qadınların işi barədə maraqlanan Müfəzzələ buyurdu:

«Həzrət Peyğəmbərin (s) dövründə olduğu kimi, bu qadınlar da yaralıları müalicə edəcək və döyüş əlillərinə qulluq edəcəklər.»

–Həzrət Məhdinin (ə.c.) zühurunun cahanşümul olduğunu nəzərə almaqla sizə elə gəlmir ki, İmamın qoşununun sayı az görünür?

Cavab: –Xeyr. 313 nəfər zühurun əvvəlində Həzrətə (ə.c.) qoşulacaq, sonra isə günbəgün insan seli Həzrətə tərəf axışacaq.

Daha aydın desək, onlar həzrət Məhdinin (ə.c.) hökumətinin əsas özəyi olan şəxslərdir. Məsələn, bir rəvayətdə bu barədə belə buyurulur:

«İlahi kamala malik 313 nəfər «Həcərül-əsvəd»«Məqami-İbarahim»in arasında həzrət Məhdi (ə.c.) ilə beyət edəcək. Onlar, Həzrət Məhdi (ə.c.) dövlətinin məsuliyyətlərinin ağır yükünü öz öhdələrinə götürmüşlər.»

Habelə buyurmuşdur:

«Rumun fəthi döyüşündə həzrət Məhdinin (ə.c.) 70000 nəfər «Əllahu Əkbər» şüarı deyən qoşunu iştirak edəcək. Onların ilk «Əllahu Əkbər» gurultulu təkbirilə Rumun üçdə bir hissəsi, ikinci təkbirlərin gurultusu ilə üçdə iki hissəsi, üçüncü ilə isə, bütün ərazisi azad olunacaq.»

İmam Baqir (ə) başqa bir rəvayətdə buyurmuşdur:

«Kufə əhalisindən 70000 sadiq şəxs İmam Məhdini (ə.c.) himayə etmək üçün ayağa qalxacaq.»